PUA sürüləri – Müharibənin yeni sərhədləri açılır| Qarabağ müharibəsi nəyi sübut etdi?

2023/01/1674713454.jpg
Oxunub: 8551     15:10     30 May 2023    
PUA müharibələri bir çox ölkələr tərəfindən düşmənlərə qarşı hibrid müharibə aparmaq üçün geniş və effektiv şəkildə istifadə olunur. Məsələn, ABŞ Əfqanıstan müharibəsində “Əl-Qaidə” və “Taliban” üzvlərini və liderlərini hədəfə almaq üçün Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə edib. Daha sonra iranlı general Qasim Süleymanini hədəf alıb. Türkiyə bu silahlardan PKK, Nigeriya “Boko Haram”, Səudiyyə Ərəbistanı İŞİD terror təşkilatlarına qarşı istifadə edir. PUA-ların sürü halında hücum etməsi bu silahlarla aparılan müharibəni daha ölümcül edib. Yəməndəki “Husi” qiyamçıları tərəfindən Səudiyyə “Aramco” neft şirkətinin iki qurğusuna 18 PUA və 3 raketlə hücum edilməsi sürü PUA-larının klassik nümunəsidir.

2020-ci ilin payızında Azərbaycanın Qarabağda Ermənistan qarşı PUA-lardan istifadə etməsindən sonra dünya ictimaiyyəti bu silahlara daha çox diqqət yetirməyə başlayıb. Müharibə zamanı Azərbaycanın ordusu PUA-larla Ermənistanın quru qoşunlarına ağır zərbələr endirib.

PUA-ların yayılması

ABŞ, Çin, Rusiya və İngiltərə bu texnologiyanı inkişaf etdirmə mərhələsindədir. 2017-ci ildə ABŞ 103 ədəd “Perdix” kvadrakopterləri ilə sınaqlar həyata keçirdi. ABŞ-ın DARPA tədqiqat agentliyi təyyarələrdən buraxmaq üçün nəzərdə tutulan raket ölçüsü və formasında olan mikro PUA-lar hazırlayıb. ABŞ Hərbi Dəniz Qüvvələri eyni zamanda “aşağı əməliyyat xərcləri olan sürü PUA texnologiyası” (LOCUST) üzərində işləyir. Rusiya da PUA sürüləri konsepsiyası üzərində işləyir və bu sistemləri özünün yeni nəsil qırıcı təyyarələri ilə inteqrasiya etməyə çalışır.

Böyük Britaniya da sürü PUA-ları ilə hücum texnologiyası üzərində işləyir. Keyfiyyət baxımından ABŞ hələ də PUA texnologiyasında dünya lideri olsa da, dünyada PUA-ların istehsalı və yayılmasında liderlik edən Çindir. 2020-ci ilin noyabrında ABŞ-ın “Foreign Affairs” nəşrində dərc olunan məqaləyə görə, 2011-ci ilə qədər yalnız 3 ölkədə zərbə tipli PUA-lar olub, lakin 2011-2020-ci illər arasında bu tipl silahlara malik 18 ölkə var ki, onlardan 11-nə bu PUA-ları Çin satıb. Daha böyük narahatlıq doğuran odur ki, bu PUA-ları satın alan ölkələrin əksəriyyəti qeyri-demokratikdir. Buna görə də, onun hibrid müharibə üçün və yaraqlılar və ya terror təşkilatları tərəfindən istifadəsi artacaq. İranın verdiyi PUA-larla husilərin Səudiyyə neft obyektlərinə hücumu buna son nümunədir.

Çin, bir sıra sürü PUA konsepsiyasını inkişaf etdirmək üzərində işləyir. Çinə məxsus “Global Times” nəşrinin məlumatına görə, Çin 2017-ci ildən bu texnologiya üzərində işləyir. Sürü halında istifadə olunan PUA-lar iki cürdür: sabit qanadlı PUA-lar və kvadrakopter tipli olanlar. Çin bu prosesdə ABŞ-ı geridə qoyaraq hər iki kateqoriyada dünya rekorduna sahibdir. Çin Elektron Texnologiya Korporasiyası (CETC) 2017-ci ilin iyun ayında sabit qanadlı PUA dəstələrində 119 hava platforması uçurub və ABŞ-ın 2017-ci ilin yanvarında 103 sabit qanadlı PUA ilə həyata keçirdiyi sınaqda qeyd alınan rekordu qırıb. PUA-lar nəzərdə tutulan hədəfi və bundan sonra koordinasiyalı kəşfiyyatın həyata keçirilməsinin mümkünlüyünü müəyyən etmək üçün qrup şəklində manevr edirdi.

Çinin “Ehang” şirkəti 29 aprel 2018-ci ildə 1374 PUA-dan ibarət dünyanın ən böyük kvadrokopter dəstələrini nümayiş etdirdi. Çin bu yaxınlarda stels qabiliyyəti olan (radara daha az görünən) sürü PUA texnologiyasının sınağını keçirdi. Ən müasir PUA-lar yük maşınlarından, helikopterlərdən və dəniz platformalarından buraxıla bilir. Onun uzunluğu təqribən 1,2 metr, maksimal sürəti 150 km/saat və işləmə radiusu 15 km-dir. Bu tip PUA-lar adi rejimdə normal PUA kimi işləyir, lakin əmr verildikdə qanadlı raketə çevrilir və kamikadze hücumları təşkil edir. Sürü PUA-lar iki kritik texnologiyanı birləşdirərək hədəfə hücum edir: maşın və Süni Zəka (SZ).

Sürü PUA konsepsiyası gövdəsində sensorlar, silahlar/sursatlar və rabitə avadanlığı daşıyan çoxlu sayda PUA-nın inteqrasiyasını və uçurulmasını, habelə hərtərəfli döyüş konsepsiyasının qurulmasını və sadə şəkildə və real vaxt rejimində çoxsaylı istifadəçi ilə əlaqə saxlamağı nəzərdə tutur. Belə bir konsepsiya missiyanın uğur qazanma ehtimalını artırır, çünki konsepsiyada daha çox PUA-dan istifadə olunur. Məsələn, bir PUA vurularsa və ya sıradan çıxarılarsa, onun funksiyaları başqa bir PUA tərəfindən həyata keçirilir. Sürü PUA-lar düşmənin quruda yerləşən hədəfini vurmaq üçün rabitə, kəşfiyyat və zərbə imkanlarına malik olan vahid şəbəkəli sistem kimi inteqrasiya olunmuş çoxsaylı PUA-lardır. Türkiyə və İsrail tərəfindən dəstəklənən Azərbaycanın PUA-lardan uğurla istifadə etməsi heç şübhəsiz, ənənəvi şəraitdə PUA-ların uğurlu ola biləcəyini təsdiqlədi.

Hazırda hava hücumundan müdafiə silahları və raketləri PUA təhlükəsinə qarşı istifadə olunur, lakin onlar yüzlərlə sürü PUA-larına qarşı praktiki olaraq təsirsizdir. Ancaq hər bir yeni silahda olduğu kimi tezliklə bu cür texnologiyaların təsirini zərərsizləşdirmək və ya təsirlərini minimuma endirmək üçün əks tədbirlər görüləcək. Sürü PUA təhlükələrinə qarşı araşdırma aparılır. Bu cür təhlükəyə qarşı durmaq üçün ən perspektivli görünən sahə radioelektron mübarizə vasitələri və kommunikasiya sahəsinə aid ola bilər. Hətta fiziki məhv sahəsində də uyğun silah sistemlərinin tapılması istiqamətində səylər davam edir.

2018-ci ilin mayın 1-də Çin PUA-lardan kütləvi şəkildə istifadə edərək nümayiş keçimək istədi. 496 PUA-dan bir çoxu qəzaya uğradı. Bu hadisə GPS sistemlərinə müdaxilə ilə əlaqələndirildi. Çin PUA-ların digər məhdudiyyəti onların əhatə dairəsi baxımından məhdud olması və GPS-in məhdudlaşdırıldığı ərazilərdə işləmə qabiliyyətinin olmamasıdır.

ABŞ PUA-ları havadan buraxılır və təyyarələr tərəfindən idarə oluna, 300 dəniz milinə qədər hərəkət edə bilir, hətta GPS-in məhdudlaşdırıldığı əməliyyat bölgəsində də öz missiyasını davam etdirir. Çinlilər PUA-larının radioelektron müdaxilələrə qarşı davamlılığının artırılması və GPS-in qadağan olunduğu ərazilərdə fəaliyyət göstərə bilməsi üçün fəal şəkildə araşdırmalar aparırlar.

Sürü PUA-larının üstünlükləri

PUA-ları aşkar etmək çətindir, buna görə də onların vurulmama şansları idarə olunan təyyarələrlə müqayisədə daha yüksəkdir. Bununla belə, sürü halında istifadə olunan PUA-lara qarşı mübarizə daha çətindir. Çünki, onlar bir-birilərini əvəz edə bilirlər. PUA-ları aşkar etdikdən sonra vurmaq asandır. Husilər ABŞ-a məxsus bir neçə PUA-nı vurmağı bacarıb.

PUA texnologiyası hava hücumundan müdafiə və ya radioelektron mübarizə vasitələri kimi təhdidlərə qarşı sürətlə populyarlıq qazanır. Sürü PUA texnologiyalarına qarşı mübarizə üçün silah sistemləri qısa müddətdə hazırlanacaq.

Qarabağ müharibəsində sübut olunduğu kimi, PUA-lar köhnə HHM sistemlərini effektiv şəkildə məğlub edir. Bununla belə, onların ABŞ, Rusiya və ya Çin kimi aparıcı güclərin öz hava və quru məkanını müdafiə etmək üçün uzun, orta və qısa mənzilli silah sistemlərindən ibarət eşalonlu və inteqrasiya edilmiş HHM sistemləri qarşısında uğur qazanma şansları çox mübahisəlidir. İnteqrasiya edilmiş HHM arxitekturası olmadan ən müasir HHM sistemləri də sürü PUA-larına qarşı uğursuz olacaq. Husilərin Səudiyyə obyektlərinə hücumu bunu sübut edir.

Qarabağda müharibə zamanı Ermənistanın tankları, piyadaları döyüş maşınları, artilleriya silahları və HHM sistemləri Türkiyə və İsrail tərəfindən tədarük edilən PUA-larla məhv edilib. Qarabağ müharibəsi sübut etdi ki, davamlı PUA hücumları təkcə ölümcül və güclü variant deyil, həm də daha ucuz variantdır. Müharibədə ərazi və kamuflyajın məhdud təsirə malik olduğu görünürdü. PUA-lar quru qüvvələrinin relyef və kamuflyaj üstünlüklərini bort sensorları və kəşfiyyat avadanlığı vasitəsilə dəf edə bilib.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Türkiyə   Bayraktar  


Bizi "telegram"da izləyin